Cabbar Qaryağdıoğlu (2)
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu. Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir. Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu. Xanəndənin ifaçılığı "Heyratı" muğamında da yüksək qiymətləndirilmişdir. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişlər. Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.
Похожие видео
Показать еще