Artıq İstədiyiniz qədər sarımsaq yeyə bilərsiz - Qoxusu gəlməyəcək HD

03.05.2018
Sarımsaq yeməyi xoşlayanlar yaxşı bilir ki, qoxusu uzun zaman getmir. Hətta, üstündən 24 saat keçsə də nəfəsdən və ya tərdən sarımsaq qoxusu gələ bilir. 1963-cü ildə Journal of the American Medical Association dərgisində bir məqalə yayınlanıb. Məqalədə yazılıb: “Bir xəstənin mədəsinə boruyla sarımsaqlı yemək daxil edilib. Aradan saatlar keçəndən sonra həkimlər onun ağzından sarımsaq qoxusunun gəldiyini qeyd edib.” Başqa bir tibbi mənbədə isə sarımsaq yeməyi sevən hamilə qadının dünyaya gətirdiyi körpənin bədənindən sarımsaq qoxusu gəldiyi yazılıb. Sarımsağın tərkibində yüksək miqdarda kükürd var. Həzm prosesində bu element qana qarışır. Qandan ağciyərlərə keçir. Ona görə də nəfəsimiz sarımsaq qoxur. Nə qədər dişlərimizi fırçalasaq da bu qoxu qalır. Çünki, qoxunun mənbəyi ağzımızdakı yemək qalıqları deyil, orqanizmimizdə baş verən kimyəvi prosesdir. Bir neçə il əvvəl Ohayo Dövlət Universitetinin əməkdaşı Sheryl Barringer sarımsaqla bərabər yeyilən qidaların hansının sarımsaq qoxusunu önlədiyini araşdırdı. Məlum oldu ki, kahı, zəncirotu, kərəviz, kartof, xiyar, nanə, reyhan və göbələk sarımsaqla bərabər, yaxud sarımsaqdan sonra yeyildikdə onun qoxusunu ört-basdır edir. Barringer tələbələriylə birgə apardığı təcrübələrdə bunun səbəbini araşdırdı. Onlar qoxunu yox edən qidaların siyahısında ilk üçlüyə kahı, nanə və almanı layiq gördülər. Lakin, bunlar bişmiş halda effektiv nəticə göstərmirdi. Barringer düşünürdü ki, yəqin, bişdikdə onların tərkibindəki hansısa maddə yoxa çıxırdı. Barringer qeyd etdi ki, bu sıralamada nanə xüsusi yer tutur. Çünki, nanə fenolik birləşmələrlə zəngindir. Tərkibindəki rozmarin turşusu sarımsaqdakı kükürdlə birləşir. Bu birləşmə qoxusuz molekul yaradır. Almada bənzər maddələr daha azdır. Kahıdakı fenolik birləşmələr yaşıl çaya nisbətən kasaddır. Barringer deyib: “Bax, bu məqamda biz nə baş verdiyini anlamadıq”. Çünki, təkbaşına saf fermentlər kükürd birləşmələrini neytrallaşdırmaqda işə yaramır. Kahının qoxunu yox etmək qabiliyyəti də tərkibindəki fermentlərdən irəli gəlir. Nə olduğu dəqiq anlaşılmasa da bu proseslər sarımsaq qoxusunu minimuma endirə bilir. Lakin, unutmaq lazım deyil ki, insan orqanizmi nəfəs alıb-verən kimya fabrikidir. Yediklərimizdən əlavə, ağız boşluğumuzda bakteriyalar da var. Hətta, hansı xəstəliyə yoluxub-yoluxmamağımız da ağzımızdan gələn qoxu ilə anlaşıla bilər. Elm adamları nəfəs zamanı ağız boşluğundan çıxan molekullar vasitəsilə ağciyər xərçəngi diaqnozunu qoymağın mümkünlüyünü araşdırırlar. Qan, idrar və ya toxuma örnəklərindəki qoxuları analiz edən elektronik qoxuya həssas cihazlar da bu məqsədlə yaradılıb. Həmin cihazlar vasitəsilə qadınların yumurtalıqlarında xərçəng olub-olmadığını, beyin zədələnməsi zamanı orqanizmin hansı təhlükələrə məruz qaldığı da yoxlanıla bilər. Bəşər tarixində insanlar daim bədənlərindən, yaxud nəfəslərindən gələn pis qoxuyla mübarizə aparıb. Lakin unutmamalıyıq ki, qoxumuz orqanizmimiz haqqında ümumi məlumat kitabçasıdır.

Похожие видео

Показать еще