Qədim Bakı kəndləri - Mərdəkan
Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Kənd qədim tarixi abidə və tikililərlə zəngindir. Bu sırada dördkünc Mərdəkan qalası (XIV əsr), dairəvi Mərdəkan qalası (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tuba Şahi məscidi, türbələr, məşhur neft milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin imarəti (XX əsrin əvvəli) və s. daxildir. Təbiidir ki, Mərdəkan deyəndə ilk ağıla gələn də məşhur dör dkünc Mərdəkan qalası olur. 1187-ci ildə Şirvanşah II Mənuçöhrün oğlu Axsitanın dövründə inşa olunmuş bu möhtəşəm tikili müdafiə xarakterlidir. Müharibə zamanı adətən burada qadın və uşaqları yerləşdirərdilər. 22 metr hündürlüyü olan qala 6 otaqdan ibarətdir. Divarlarının qalınlığı 2 metr olan bu abidənin tikintisində balıqqulağı və əhəng, keçi və dəvə yunu, yumurta və torpaqdan istifadə olunub. Qala 76 pilləkəndən ibarətdir. Qaladan Bakı kəndlərini - Ramana, Bilgəh, Nardaran, Buzovna, Qala, Pirallahı, Şüvəlan, Şağan və s. kəndləri müşahidə etmək mümkündür. Vaxtilə qalanın ətrafında - savaşlar dövründə əhalinin ərzaq təchizatını təmin etmək məqsədilə - 108 quyu qazılıb və həmin quyularda müxtəlif məhsullar saxlanılıb. Mərdəkanda ikinci məşhur qala 1232-ci ildə Əbdülməcid Məsud oğlu tərəfindən tikilmiş dairəvi qaladır. Tarixi abidələr arasında qədimliyi ilə seçilən Tuba Şahi məscidi Monqolların hücumu zamanı dağıntılara məruz qalmış, sonra yenidən inşa olunmuşdur. Məsciddə iki daş kitabə var. İçəri daş kitabədə məscidin ilk tikilişi haqqında məlumatlar verilib. Kitabədə məscidin 1372-ci ildə Hacı Nurəddin və Bahəddin tərəfindən tikildiyi qeyd olunub. Məsciddə 3 hücrə var. Deyilənlərə görə, qədimdə uzaq yoldan gələnlər bu hücrələrdə niyyət edib dincələrmişlər. Mərdəkanda İndinin özünədək yerli əhalinin həyətlərindən qazıntılar zamanı üzərində müxtəlif ayələr həkk olunmuş daş kitabələr tapılır. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qəbri Mərdəkandadır. Böyük xeyriyyəçi öz vəsiyyətinə uyğun olaraq sevimli müəllimi Axund Hacı Mirzə Əbu Turab Axundzadənin məzarının aşağı hissəsində dəfn edilib. Qəbrin yaxınlığında isə 1612-ci ildə tikilmiş Pir-Həsən məqbərəsi bu gün onlarla insan tərəfindən ziyarət olunur. Burada həm də Çıldağ var. İnsan bədəninin müxtəlif hissələrinə od ilə təmas edərək qorxugötürən Çıldağ adətən Bakı kəndlərində mövcuddur. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olub. Mərdəkanın ən məşhur yerlərindən biri Dendrari bağıdır. İndi Mərdəkan dendrarisi kimi tanıdığımız bağ 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun bağı olub. Hazırda burada 1800-ə yaxın bitki növü, 28 növ heyvan və əylənmək üçün katamaranlar, istirahət guşələri var. Mərdəkan şə