HƏRBİ PARADLA BAĞLI YOLLAR BAĞLANACAQ
Azadlıq meydanı iyunun 26-da keçiriləcək möhtəşəm hərbi parada tam hazır vəziyyətə gətirilib. Artıq dünən paradın ilk məşqləri keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı təşkil ediləcək hərbi parada hazıqlıqlar çərçivəsində meydanın ərazisində xətləmə və rəngləmə işləri yekunlaşıb. Parada hazırlıq məqsədilə ötən gün keçirilən ilk məşqdə şəxsi heyətin və nazirliyin yüksək rütbəli şəxslərinin iştirak etdiyi bildirilir. Iyunun 24-dən hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə Azadlıq meydanında kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, iyunun 26-sı tədbir başa çatanadək paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Müdafiə Nazirliyi paradın tərtibatı və sərgilənəcək hərbi texnika barədə rəsmi məlumat açıqlamayıb. Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib. milli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi hissənin təsis edildiyi 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd olunur.